Gərginlik tip baş ağrıları

Baş ağrısı
gərginlik tip baş ağrıları

Məqalədə olanlar

Gərginlik tip baş ağrıları ən sıx rast gəlinən baş ağrılarından biridir. Tipik olaraq başın arxası, gicgahlar və alın ətrafında ağrı müşahidə olunur.

İlk başda təzyiq hissi kimi olmağa meyillidir, lakin saatlar və ya günlərlə davam edə bilər. Bu tip baş ağrısı miqrenlə birlikdə ortaya çıxa bildiyi kimi, iki ağrı bir-birinə çevrilə və ya bir-birini tətikləyə bilər.

Gərginlik tipli baş ağrısı nədir?

Gərginlik tip baş ağrısı, alından başın arxasına doğru iki tərəfli lent şəklində yayılan ağrını ifadə edir. Adətən xəbərdarlıq etmədən ortaya çıxır və boyun əzələlərinə yayılır.

Xəstələr tərəfindən gərginlik, təzyiq və ya küt ağrı kimi təsvir edilir. Əksər insanlar arabir gərginlik tipli baş ağrısı yaşasa da, bəzi insanlar üçün ağrı xroniki ola bilər.

Beynin özü ağrıya qarşı həssas deyil, baş ağrısı ortaya çıxdıqda ağrıyan beyin deyil. Ağrı, beyni örtən toxumalarda, beynin əsasındakı birləşmələrdə, baş dərisi, üz və boyun ətrafındakı əzələlər və qan damarlarında ola bilər.

Frontal və temporal bölgədə gərgin olan əzələlər masseter (çeynəmə), pterygoid (qanadabənzər), sternokleidomastoid (döş-körpücük-məməyəbənzər), splenius (sarğı) və trapezius (trapesiyayabənzər) əzələləridir. Gərginlik tipli baş ağrısı da bu bölgələrdə görülə bilər.

Gərginlik tipli baş ağrısının növləri

Ümumilikdə baş ağrıları, birincili və ikincili baş ağrıları olmaqla iki kateqoriyada təsnif edilir. Birincili baş ağrıları hər hansı bir aşkar üzvi (orqanik) xəstəlikdən qaynaqlanmır. Miqren, gərginlik tipli və klaster (kümə) tipli baş ağrıları bu qrupa daxildir.

Bunlar, rahatlama təmin etmək və təkrarlanmasının qarşısını almaq üçün simptomatik olaraq müalicə edilir. İkincili baş ağrıları isə mövcud olan üzvi bir xəstəlikdən qaynaqlanır və bir xəstəliyin əlamətidir.

Gərginlik tipli baş ağrıları isə epizodik və xroniki olmaqla iki qrupa ayrılır:

Epizodik Gərginlik Tipli Baş Ağrısı

Kifayət qədər geniş yayılmış epizodik gərginlik tipli baş ağrıları ayda 15 gündən daha az müddətdə baş verir. Adətən oyandıqdan bir neçə saat sonra başlayır və gün irəlilədikcə pisləşir. Xəstələr nadir hallarda ağrı səbəbindən oyanır. Əksər xəstələr ağrıkəsici dərmanlar istifadə edərək rahatlayır və tibbi yardıma ehtiyac duymur.

Daha yüksək tezlikli epizodik baş ağrısı olan şəxslər nevroloq həkimə müraciət edə bilər. Həftədə birdən çox yaşanan baş ağrısı şəxsi, professional və sosial həyata təsir etməyə başlaya bilər.

Bu tip baş ağrısı seyrək və ya sıx görülə bilər. Seyrək epizodik alt tipdə, insanlar ayda bir dəfədən az tutma keçirir və ağrının çox az təsiri olur. Ağrı tipik olaraq iki tərəflidir, təzyiqedici və ya sıxıcı xarakterlidir və yüngül ilə orta dərəcədədir.

Sıx epizodik alt tip isə iki tərəfli, təzyiqedici və ya sıxıcı xarakterli, yüngül ilə orta şiddətdə, dəqiqələr və ya günlər sürən, tez-tez tutmalarla müşayiət olunan ağrını ifadə edir.

Xroniki Gərginlik Tipli Baş Ağrısı

Daha az rast gəlinən xroniki gərginlik tipli baş ağrıları ayda 15 gündən çox müddətdə baş verir. Adətən sıx epizodik gərginlik tipli baş ağrısının davamlı hala gəlməsi ilə yaranır.

Xroniki baş ağrılarının intensivliyi gün ərzində dəyişə bilər, ancaq demək olar ki, hər zaman mövcuddur. Həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə və yüksək səviyyədə narahatlığa səbəb ola bilən ciddi bir xəstəlikdir.

Bu tip baş ağrısı həyəcan (anxiety) və ya depressiyanın nəticəsi ola bilər. Yuxu rejimində dəyişikliklər və ya yuxusuzluq, səhər tezdən və ya gec saatlarda ortaya çıxan baş ağrısı, günahkarlıq hissi, çəki itkisi, başgicəllənmə, zəif konsentrasiya, davamlı yorğunluq tez-tez müşahidə olunur.

Xroniki gərginlik baş ağrısı gündəlik həyata mane ola bilər və insanlar adətən müalicələrini planlaşdırmaq üçün bir həkimə müraciət etməlidirlər. Bu baş ağrısı tipini idarə etmək adətən həyat tərzi dəyişiklikləri, profilaktik dərmanlar və qeyri-farmakoloji müalicələrin kombinasiyasını əhatə edir.

Gərginlik tip baş ağrıları səbəbləri

Gərginlik tipli baş ağrısının dəqiq səbəbi məlum deyil. Əzələ həssaslığı və gərginlik gərginlik tipli baş ağrısını pisləşdirə bilər, ancaq ağrının səbəbi bu deyil.

Bəzi araşdırmalar, bəzi neyronların və ya neyrotransmitterlərin həddindən artıq stimullaşdırılması səbəbindən baş ağrısının meydana gələ biləcəyini bildirir.

Bu sinirlər həddindən artıq stimullaşdırıldıqda, fiziki olaraq heç bir zədə olmasa belə ağrı siqnalları göndərilir. Baş ağrısı ilə əlaqələndirilən bəzi neyrotransmitterlər arasında azot oksidi və kalsitonin geni ilə əlaqəli peptid (CGRP) yer alır.

Gərginlik tipli baş ağrısının tətikləyiciləri aşağıdakılar ola bilər:

  • Stres və həyəcan
  • Depressiya, ağlamaq və ya kədərli olmaq
  • Dehidrasiya (orqanizmin susuzlaşması)
  • Siqaret çəkmək
  • Yuxu pozğunluqları
  • Gün ərzində yemək ötürmək
  • Tükənmişlik sindromu
  • Qamət pozğunluqları
  • Temporomandibular oynaq pozğunluğu kimi çənə oynağı ilə bağlı bir problem
  • Parlaq və səs-küylü mühitlər
  • Göz yorğunluğu
  • Ağrıkəsici dərmanların həddindən artıq istifadəsi
  • Kofein asılılığı və ya yoxsunluğu

Bu tip baş ağrısının tez-tez “stres baş ağrısı” kimi təsvir edilməsinin səbəbi, stresin əsas tətikləyicilərdən biri olmasıdır.

Gərginlik tipli baş ağrısının əlamətləri

Ağrı adətən frontal (alın) və oksipital (ənsə) bölgələri əhatə edir və bütün başa yayılır. Tipik olaraq, başın ətrafında sıx bir lent kimi ifadə edilir, təzyiq ya da sıxma hissi intensiv olaraq hiss olunur.

Alın, baş dərisi, boyun və çiyin əzələləri ətrafında həssaslıq müşahidə edilir. Ağrılar adətən yüngül və ya orta şiddətdə seyr edir və bir neçə saat davam edə bilər və ya günlərlə çəkə bilər.

Bu tip baş ağrısının miqrendən fərqi ürəkbulanma və qusmanın adətən görülməməsi, aura simptomlarının (baş ağrısından dərhal əvvəl və ya ağrı başladığı sırada meydana gələn, yanıb-sönən işıqlar, ziqzaq xətlər və ya görmə sahəsinin bir hissəsinin itməsi kimi hallar) olmaması və gündəlik fiziki fəaliyyətlə şiddətlənməməsidir.

Gəzmək və ya pilləkən çıxmaq kimi gündəlik fiziki fəaliyyətlər ağrının pisləşməsinə səbəb olmur. Bununla birlikdə, bəzi hallarda səsə və ya işığa qarşı həssaslıq yarana bilər.

Gərginlik tipli baş ağrısına necə diaqnoz qoyulur?

Gərginlik tipli baş ağrısı diaqnozu, xarakterik simptomlar və nevroloji müayinəni də əhatə edən normal bir fiziki müayinə ilə qoyulur. Diaqnozun ilk və adətən ən vacib hissəsi, xəstənin tibbi tarixçəsinin (anamnezinin) dinlənilməsidir. Ağrının tezliyi, yeri və şiddəti diaqnoz üçün vacibdir.

Gərginlik baş ağrılarına diaqnoz qoymaq üçün xüsusi bir test olmasa da, baş ağrısının digər səbəblərini istisna etmək üçün testlər aparıla bilər.

Xüsusilə tez-tez və ya şiddətli baş ağrısı olan bütün xəstələrin, ağrıya səbəb ola biləcək hər hansı bir gizli xəstəliyi istisna etmək üçün diqqətlə qiymətləndirilməsi lazımdır.

Xroniki gərginlik tipli baş ağrısı üçün potensial tətikləyicilərin müəyyən edilməsi vacibdir.

Həkim müayinədə narahatlıq yaradan bir tapıntısı olmayan xəstələrdə nevroloji görüntüləmə üsullarından istifadəyə ehtiyac duymaya bilər.

Gərginlik tipli baş ağrısı müalicə üsulları

Gərginlik tipli baş ağrısı müalicəsi, tutmalar üçün kəskin müalicəni və meydana gələn tutmaların sayını minimuma endirmək üçün profilaktik müalicəni əhatə edir.

Kəskin və qoruyucu müalicə birlikdə tətbiq edilə bilər. Adətən reseptsiz satılan oral ibuprofen, parasetamol və QSİƏP (qeyri-steroid iltihab əleyhinə preparatlar) kimi sadə analgetiklərlə müalicə edilə bilər.

Qeyri-dərman müalicələrinin əksəriyyəti üçün ciddi metodologiyalara malik böyük araşdırmalar aparılmamışdır. Geniş istifadə olunan üsullar arasında koqnitiv-davranış terapiyası, biofeedback (bioloji əks-əlaqə), rahatlama (relaksasiya) təlimi və stresin idarə edilməsi vardır.

Dərman Müalicəsi

Gərginlik tipli baş ağrısının müalicəsi, tipik olaraq reseptsiz satılan analgetiklərin istifadəsini əhatə edir. Sakitləşdirici antihistaminlər və ya antiemetiklər, standart analgetiklərin ağrı kəsici təsirini artıra bilər.

Amitriptilin, sıx görülən baş ağrıları üçün ən çox araşdırılan profilaktik agentdir. Bununla belə, ağrıkəsicilərin həftədə iki dəfədən çox istifadə edilməsi, gündəlik xroniki baş ağrısı riskini artıra bilər.

Gərginlik tipli baş ağrıları xronikidirsə, ağrının miqrenə çevrilməməsi üçün antidepressant kimi istifadə olunan bəzi dərmanlardan yardım alına bilər.

Digər Üsullar

Gərginlik tipli baş ağrısının qeyri-tibbi yayğın müalicə üsulu fizioterapiyadır. Servikal (boyun) hərəkətlər, rahatlama, masaj, qamət hərəkətləri, termoterapiya, fəqərə mobilizasiyası kimi üsullar simptomların şiddətini azaltmaqda təsirli ola bilər. Təsirə məruz qalan bölgəyə masaj etmək də ağrını yüngülləşdirə bilər.

Oynaq mobilizasiyası tətbiq olunan araşdırmalarda servikal hərəkət həcmi yaxşılaşa bilər. Həmçinin biofeedback, xəstələrin əzələ gərginliklərini idarə etməyi öyrənmələrinə kömək edəcək bir texnika kimi istifadə edilə bilər.

Bəzi insanlar üçün baş ağrısı dərmanlarının bir komponenti olan kofein, analgetiklərin təsirini artırır. Bununla belə, analgetiklərin və ya kofeinin həddindən artıq istifadəsi gündəlik baş ağrılarına səbəb ola bilər. Həddindən artıq dərman istifadəsinə bağlı olaraq yaranan bu cür baş ağrıları insan səhər oyandıqda ortaya çıxa bilər. Bu ağrılar, baş ağrısını müalicə etmək üçün istifadə edilən dərmanlar qəflətən dayandırıldıqda pisləşə və ya ortaya çıxa bilər. Bu səbəbdən, dərmanların dəyişdirilməsi və mümkün olduqda davranış terapiyası üsullarından faydalanmaq lazım gələ bilər.

Davranış və psixoloji müdaxilələr xüsusilə dərmanlarla birlikdə istifadə edildikdə adətən təsirli olur. Bu müdaxilələr rahatlama təlimi və stresin idarə edilməsi texnikalarını əhatə edir. Stres gərginlik tipli baş ağrısının bir səbəbi olduğundan, xəstələr tənəffüs hərəkətləri kimi rahatlama texnikalarını öyrənə bilər, stresli vəziyyətlərdən mümkün qədər qaça bilər və bir məsləhətçi və ya terapevtlə danışa bilər.

Gərginlik tipli baş ağrısından qorunma üsulları

Gərginlik tipli baş ağrılarına adətən müəyyən tətikləyicilər səbəb olur. Gələcəkdəki baş ağrılarının qarşısını almaq üçün ilk növbədə bu tətikləyicilərin müəyyən edilməsi lazımdır.

Baş ağrısına səbəb olan faktorları müəyyən etmək üçün insanlar bir gündəlik tutaraq aşağıdakıları qeyd edə bilərlər:

  • Gün ərzində istehlak edilən yemək və içkilər
  • Stresi tətikləyən hər hansı bir vəziyyət
  • Fəaliyyətlər

Bunlara əlavə olaraq baş ağrısının ortaya çıxdığı günlər qeyd edilməlidir. Bir neçə həftə və ya bir neçə ay ərzində bunların qeyd edilməsi ilə, baş ağrısının olduğu gün insanların hansı tətikləyicilərlə qarşılaşdığı müəyyən edilə bilər.

Müəyyən bir qidanın istehlak edildiyi hər gün ortaya çıxan baş ağrısı, tətikləyicinin o qida olduğunu göstərir.

Uzunmüddətli perspektivdə isə baş ağrısının qarşısını almaq üçün aşağıdakılar tətbiq edilə bilər:

  • Yoqa və ya üzgüçülük daxil olmaqla, əzələlərin dartılmasını təmin edən idman fəaliyyətləri
  • Mütəmadi məşqlər
  • Koqnitiv-davranış terapiyası
  • Akupunktur (iynəbatırma)
  • İş mühitini dəyişdirmək
  • Hər hansı bir stresli vəziyyəti aradan qaldırmaq
  • Həyəcan və ya depressiyanı müalicə etmək


Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.

Tag Post :

Gərginlik tip baş ağrısı,nevroloq

Paylaşmaq :