Xroniki yorğunluq sindromu, insanın hər hansı bir xəstəlik şikayətinin olmadığı, 6 aydan çox davam edən daimi yorğunluq hissinə deyilir.
Gündəlik həyatda edilən fəaliyyətlər yorğunluq, halsızlıq nəticəsində həyata keçirilə bilmir. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, əzələ ağrıları, daimi yuxu və yuxusuzluq halı, ayaqüstə yorğunluq hissi müşahidə edilir.
Xroniki yorğunluq sindromu 20-40 yaş arası qadınlarda kişilərə nisbətən 4 dəfə daha çox rast gəlinir.
Xroniki yorğunluq nədən yaranır?
Xroniki yorğunluğun bir çox səbəbi ola bilər. Qanazlığı, infeksiyalar, qaraciyər, ürək və böyrək çatışmazlıqları, vitamin və mineral əskiklikləri, metabolik pozğunluqlar (hipoqlikemiya), hormonal problemlər (hipotireoz, böyrəküstü vəzi çatışmazlığı), xərçəng kimi ciddi sağlamlıq problemlərində yorğunluq bəzən ilk siqnaldır.
Xəstəlik səbəbindən yaranan yorğunluq, halsızlıq halları xəstəlik müalicə edildikdə aradan qalxır. Yorğunluq, təkrarlanan və uzun sürən stressin, yuxu problemlərinin, depressiya və digər bəzi psixoloji problemlərin nəticəsində də yarana bilər.
Xroniki yorğunluğa səbəb olan xəstəliklərdən bəziləri bunlardır;
- Anemiya: Yorğunluğun ən sıx görüldüyü xəstəlik qrupu anemiyadır. Çünki oksigen daşıyan hemoqlobinin çatışmazlığı insanın özünü yorğun və halsız hiss etməsinə səbəb olur. Bu vəziyyətdə insan mütləq bir mütəxəssis həkim müayinəsindən və lazımi analizlərdən keçməlidir. Lazımi müalicə planı ilə qanazlığı aradan qaldırıldıqdan sonra yorğunluq hissi də yox olur.
- Tiroid xəstəlikləri: Başda hipotireoz olmaqla, tiroid xəstəlikləri insanın özünü çox yorğun hiss etməsinə səbəb olur. Yenə endokrin xəstəliklərindən şəkərli diabet xəstələri də daima yorğundurlar. Bu insanlar özlərini yorğun, əzgin və gücsüz hiss edirlər. Şəkər səviyyələri yüksək olduğu zaman gündəlik həyatları belə pozula bilər.
- Ürək xəstəlikləri: Halsızlıq, yorğunluq ürək çatışmazlıqlarının da ən vacib əlamətlərindən biridir. Hətta ürək xəstəliklərinin ən erkən əlamətləri arasında yer alır. İstər qapaq lezyonu olsun, istər ürək-damar xəstəlikləri olsun, bunlar ürəyin oksigen ehtiyacını qarşılamasına mane olduqları üçün yorğunluq yaradırlar. İnsan bir mərtəbə pilləkən belə çıxsa, yorulur, ayaqları əsər, təngnəfəs olur.
- İnfeksion xəstəliklər: Orqanizmdə müxtəlif səbəblərdən yaranan infeksion xəstəliklər də yorğunluğun tez-tez rast gəlinən səbəblərini təşkil edir.
- Metabolik xəstəliklər: Böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, kalsium yüksəkliyi və kalium azlığı kimi hallarda da bədəndəki qan duzları və minerallardakı azalmalar yorğunluğun yaranmasına səbəb ola bilər. Bu xəstəlik və vəziyyətlərin erkən mərhələdə müalicəsi çox vacibdir.
- Xərçəng: Yorğunluq, bir sıra erkən onkoloji xəstəliklərin əlaməti də ola bilər. Xərçəng hüceyrələri xəstənin bütün orqanizm sistemlərini pozaraq yorğunluğa səbəb ola bilər. Məsələn, qanazlığı yaratmışsa, qidalanmanı pozursa, yorğunluq yarada bilər.
- Yuxu pozğunluqları: Yuxu pozğunluqları həyat keyfiyyətini pozan ən vacib problemlərdəndir. Yuxu apnesi də yorğunluğun əhəmiyyətli səbəblərindən biridir. Kifayət qədər müddətdə, keyfiyyətli bir yuxu yata bilməyən insanlar ertəsi gün özlərini həddindən artıq yorğun hiss edəcəklər. Bu vəziyyət gün ərzindəki bütün fəaliyyətlərə təsir göstərir.
- Depressiya və stress: Yorğunluğa səbəb olan xəstəliklər arasında ikinci yerdə depressiya kimi psixosomatik xəstəliklər gəlir. Depressiya da insanların özünü yorğun hiss etməsinə səbəb ola bilər.
Xroniki yorğunluq sindromunun əlamətləri nələrdir?
Xroniki yorğunluq sindromunun əsas əlamətləri arasında 6 aydan uzun müddətdir davam edən, tibbi bir səbəbi olmayan halsızlıq və yorğunluq hissi var.
İnsan gündəlik həyatındakı fəaliyyətləri yorğunluq, halsızlıq nəticəsində yerinə yetirə bilmir. Yorğunluğu müşayiət edən beyin dumanlanması, baş, boğaz, əzələ və oynaq ağrıları, dırnaq qırılması, saç tökülməsi, narahatlıq, depressiya və yuxu pozğunluğu kimi başqa əlamətlər varsa, xroniki yorğunluq sindromundan şübhələnilir.
Xroniki yorğunluq sindromunun diaqnozu necə qoyulur?
Xroniki yorğunluq sindromunda mövcud olan əlamətlərin başqa bir xəstəlikdən qaynaqlanıb-qaynaqlanmadığını anlamaq üçün bir sıra klinik müayinələr və analizlər aparılır. Xəstənin anamnezi də digər bütün xəstəliklərdə olduğu kimi xroniki yorğunluq sindromunun diaqnozunda vacibdir.
Xəstəliklərdən başqa yuxu pozğunluqları və psixoloji narahatlıqlar da xroniki yorğunluq sindromuna səbəb ola biləcəyi üçün düzgün diaqnoz qoymaq məqsədilə bu ehtimalların da qiymətləndirilməsi lazımdır.
Xroniki yorğunluq sindromu diaqnozu psixoloq, psixiatr və digər əlaqəli tibbi sahələrin olduğu multidisiplinar bir heyət tərəfindən qiymətləndirilərək qoyulur.
Xroniki yorğunluq sindromunun müalicəsi necədir?
Müalicədə məqsəd xəstəlik simptomlarını yaxşılaşdırmaqdır. Fərdi olaraq təyin edilən idman hərəkətlərinin müntəzəm olaraq edilməsi ilə yanaşı, xəstəyə psixoloji dəstək verilməsi də çox vacibdir. Həyat tərzi dəyişiklikləri və qidalanma terapiyaları da müalicənin bir hissəsidir.
Müalicə müddətində xəstə hər mərhələdə sağalacağına dair cəsarətləndirilməli və xəstə, ailə və həkim yaxın əməkdaşlıq içində olmalıdır. Xroniki yorğunluq sindromunun müalicəsi fərdi olmalıdır.
İş və istirahət dövrləri düzgün tənzimlənməlidir. Qısa və tez-tez istirahət fasilələri verməklə yorğunluğun yaranmasının qarşısını almaq olar. İş mühitinin yaxşı havalandırıldığına əmin olunmalıdır. Çox isti və ya çox soyuq mühitlər bədənimizdə əlavə bir stress yaradır.
Orqanizmin çox yüngül səviyyədə susuz qalması belə maddələr mübadiləsini ləngidir. Buna görə gündə ən az 8-10 stəkan su içmək, qəhvə və çayı mümkün qədər az istehlak etmək lazımdır.
Müntəzəm idmanla maddələr mübadiləsi sürətlənir, daha çox enerji yaranması təmin edilir. Hər gün ediləcək ən az 30 dəqiqəlik yürüşlər bədən çəkisinin tənzimlənməsinə, sümük sağlamlığının qorunmasına və inkişaf etdirilməsinə kömək edir. Ürək-damar sisteminin və tənəffüsün tənzimlənməsini, toxumalara kifayət qədər oksigen daşınmasını təmin edir.
Kifayət qədər, balanslı və sağlam qidalanma immun sisteminin güclü olması üçün zəruridir. Qida qəbullarını buraxmamağa diqqət edin. Az və tez-tez yeyin. Ağ, rəfinə edilmiş taxıllar əvəzinə; tam buğdalı, çovdarlı, yulaflı və kəpəkli rəfinə edilməmiş taxılları və qidaları seçin. Gün ərzində 8-10 stəkan su içməyə diqqət edin.
Qızartmalardan uzaq durun, onların yerinə sobada bişirilmiş, pörtlədilmiş, buğda bişirilmiş yeməklərə üstünlük verin. Yağlı qidalardan mümkün qədər uzaq durun. Xüsusilə axşam yeməklərinin tərəvəz ağırlıqlı olmasına diqqət edin.
Xroniki yorğunluq sindromu haqqında tez-tez verilən suallar
Xroniki yorğunluq sindromunda hansı tədbirlər görülməlidir?
- Müntəzəm idman vərdişi qazanılmalı və stress azaldılmalıdır.
- İsti yay günlərində ağır yeməklər yerinə zeytun yağlı yüngül yeməklərə üstünlük verilməlidir.
- Su istehlakı artırılmalı, susuz qalmaq maddələr mübadiləsini yavaşladaraq yorğunluğa səbəb ola bilər.
- Yuxu vərdişi yaxşılaşdırılmalı, hər gecə eyni saatda və kifayət qədər yatmaq vərdiş halına gətirilməlidir. Yuxudan əvvəl kofeinli, alkoqollu içkilərdən, nikotindən, həddindən artıq yağlı yeməklərdən və həddindən artıq fəaliyyətdən çəkinmək lazımdır.
- Günəş şüalarının dik düşdüyü 11:00-15:00 saatləri arasında 20 dəqiqə ərzində günəşdən qoruyucu olmadan günəşlənmək lazımdır.
Xroniki yorğunluq sindromunun yaratdığı halsızlıq və yorğunluq üçün hansı vitaminlərdən istifadə etmək olar?
C, D, E, B6, B12 vitaminləri və koenzim Q10, sink, maqnezium kimi minerallar halsızlıq və yorğunluq üçün istifadə olunan vitamin və minerallar arasındadır.
Daimi yorğunluq hissi nədən yaranır?
Daimi yorğunluq hissinin bir çox səbəbi ola bilər. Anemiya, tiroid xəstəlikləri, ürək xəstəlikləri, infeksion xəstəliklər, metabolik xəstəliklər, xərçəng, yuxu pozğunluqları, depressiya və stress nəticəsində daimi yorğunluq hissi müşahidə edilə bilər.
Xroniki yorğunluq sindromu necə keçir?
Xroniki yorğunluq bir xəstəlik səbəbindən yaranırsa, bu xəstəliyin müalicəsi ilə xroniki yorğunluq hissi də aradan qalxa bilər. Altda yatan bir xəstəlik yoxdursa, xroniki yorğunluq sindromunun müalicəsi fərdi şəkildə təyin edilir.
Xəstəyə özəl hazırlanmış müntəzəm idman proqramları və veriləcək psixoloji dəstək də çox vacibdir. Həyat tərzi dəyişiklikləri və qidalanma terapiyaları da müalicənin bir hissəsidir.
Müalicə müddətində xəstə hər mərhələdə sağalacağına dair cəsarətləndirilməli və xəstə, ailə və həkim yaxın əməkdaşlıq içində olmalıdır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.